Şirvan Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580,0 hektar olan  xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 4657,0 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930,0 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.

Milli Parkın yaradılmasında  əsas məqsəd yarımsəhra landşaftının başlıja komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş ceyranları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji cəhətdən maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, efemerli, sahil qumlu və dəvəotlu bitki formasiyaları üstünlük təşkil edir. Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayana – Suriya sarımsaqiyli qurbağasına, yaşlı quru qurbağasına, Kiçik Asiya ağac qurbağasına və göl qurbağasına rast gəlinir. Suriya sarımsaqiyli qurbağası Beynəlxaql Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmişdir.Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən (Aralıqdənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və ya çay tısbağası, Xəzər gekkonu,koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ,  suilanı, Zeytuni təlxə, qızılı təlxə, Qafqaz gürzəsi və s.) təşkil edir. Quşların miqrasiya yollarında yerləşən Şirvan Milli Parkında 230 növ quş qeydə alınmışdır. Miqrasiya zamanı və quşların qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasaən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördən, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləcəy ördək və digər növləri toplantılar əmələ gətirir.

About Author

client-photo-1
admin