Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir.

Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır.

Qobustan Mezolit dövrü (e.ə. XII—VIII minillik) əhalisinin yaşayış məskənidir. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 km-də yerləşən dağlıq sahədir. Qobustanın torpağı gilli torpaqdır, yuyuntuya çox tez məruz qaldığından həmin ərazidə çoxlu xəndəklər, arxlar, qobular əmələ gəlmişdir. Ona görə də, həmin ərazinin «Qobustan» adlandırılması təbii sayılır.

Yusif ibn Küseyir türbəsi. Naxçıvan şəhərində, xalq arasında “Atababa günbəzi” adı ilə məşhur olan türbə 8 yüz illik yaşını tamamlamasına baxmayaraq, hələ də Naxçıvanın mərkəzində yüksəlir. Abidə yeraltı sərdabədən və yerüstü bürcvari hissədən ibarətdir. Sərdabə planda səkkizbucaqlı şəklindədir.