İçərişəhər

İçərişəhər, xalq arasında həm də Qala və ya sadəcə Qədim şəhər kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir.  XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında “kristallaşma” dövrü başlamışdır. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.Bakı, qala divarları və xəndəklərlə əhatə olunmuş qədim tarixi mərkəz ətrafında formalaşmış şəhərlərdəndir. Arxeoloji baxımdan zəif öyrənildiyinə görə, Bakının yaşayış məntəqəsi və şəhər kimi formalaşma tarixi dəqiq bilinmir. Belə hesab edilir ki, insanları bu əraziyə təbii neft və duz ehtiyatı, həmçinin ərazinin dəniz sahilində əlverişli mövqedə yerləşməsi cəlb etmişdir. Arxeoloji qazıntılar zamanı Şirvanşahlar sarayının həyətindən tapılmış e.ə. III-I əsrlərə aid küpə, e.ə. IV-I əsrlərə aid saxsı qab qırıqları, Məhəmməd məscidi ərazisində arxeoloji qazıntılar zamanı tapılmış dəmir ox ucluqları, Dəmir dövrünə aid gil qadın fiquru və antik dövrə aid sütun altlıqları İçərişəhərin şəhər kimi formalaşma dövrünü ən geci antik dövrlə eyniləşdirməyə imkan verir. B.e. I əsrində Bakı artıq kiçik liman şəhəri kimi mövcud idi.

1970-ci ildə İçərişəhərin şimal tərəfində (Kiçik qala küçəsi) uçurulmuş evin yerində 80 m² sahədə aparılan arxeoloji qazıntı işləri zamanı 2 metr dərinlikdə qədim Bakının XII-XIII əsrlərə aid bir neçə təsərrüfat tikilisindən və kiçik həyətin daş divarlarından ibarət yaşayış evinin qalıqları üzə çıxarılmışdır. Həyətdə təndirlər, ətrafında daş döşənmiş quyular, bir neçə saxsı borudan ibarət novdan aşkar edilmişdir. Mədəni təbəqədə şirsiz və şirli keramika, saxsı qab qırıqlarına, taxta darvazaları bəzəyən, yastı mis çax-çax parçalarına, mavi saxsı muncuqlara, Şirvanşahların kəsdirdiyi mis sikkə dəfinələrinə rast gəlinir. Bundan başqa Şirvanşahlar sarayının şərq tərəfındə 16×8 m sahədə də arxeoloji qazıntılar aparılmışdır.

Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su, təsərrüfat və zibil quyuları, təndirlər və s.aşkar edilmişdir. Çoxlu miqdarda şirli və şirsiz qablar və onların qırıntıları, mis və dəmir əşyalar, şüşə və saxsı məmulatlar tapılmışdır. Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Kasaların bəzilərinin dibinə qabarıq möhürlər vurulmuşdur. Çoxlu dəyirman daşı, habelə Şirvanşahların kəsdirdiyi mis pullar tapılmışdır.

Şirvanşahlar sarayının şərq tərəfində 16×8 m sahədə aparılan qazıntılar torpaqaltı təbəqəyə qədər (təqribən 6 m dərinlikdə) çatdırılmışdır. Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su və təsərrüfat quyuları, təndirlər üzə çıxarılmışdır. Çoxlu miqdarda adi və şirli qablar və onların qırıntıları tapılmışdır. Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla işlənmiş naxışlarla, oymalarla və müxtəlif rəsmlərlə bəzədilmiş polixrom qablar üstünlük təşkil edir. Alt təbəqədəki keramikada isə monoxrom naxışlı qablar çoxdur. Tapılmış qablar arasında cam, kasa, boşqab, bardaq var. Kasaların dibinə, qabarıq möhürlər vurulmuşdur. Adi saxsı qablar dar və genboğaz bardaqlardan, qazanlardan, kasa və çıraqlardan ibarətdir. Çoxlu daş kirkirə aşkara çıxarılmışdır. Şirvanşah adından zərb edilmiş mis sikkələr, mis və dəmir əşyalar, şüşə və fayans məmulatları və s. tapılmışdır.

İçərişəhərdəki tarix-memarlıq abidələrinin siyahısı
  1. Qız qalası – Bakı qalasının cənub-şərq tərəfində yerləşir. Qəsr XII əsrdə islamdan əvvəlki dövrə aid daha qədim bir tikilinin yerində inşa edilmişdir. Bəzi tədqiqatçılar qəsrin atəşpərəstlərin ibadətgahı olduğunu ehtimal edir və buna görə də tikilini e.ə. VIII-VII əsrlərə aid edirlər. Qala Şirvanşahların dövründə Bakının ümumi müdafiə sisteminə daxil olmuşdur. 1907-ci ilə kimi Qız qalası həm də mayak kimi fəaliyyət göstərmişdir.  1960-cı ildə restavrasiya edilən qala 1964-cü ildən muzey kimi fəaliyyətə başlamışdır. Hazırda qalanın ilk üç mərtəbəsində arxeoloji tədqiqatlar zamanı qalanın su quyusundan aşkarlanmış XII əsrə aid artefaktlar sərgilənir. Dördüncü mərtəbədə orta əsr soyuq silahları göstərilir. Nəhəng slindr formasında inşa edilmiş qalanın hündürlüyü 28 metrdir. Səkkiz mərtəbəli qalanın divarlarının qalınlığı aşağıda 5 metr, yuxarıda 4 metrdir. Qüllə onu səkkiz mərtəbəyə bölən səkkiz qübbəyə malikdir.
  2. Şamaxı qapıları və ya Qoşa qala qapıları İçərişəhərin əsas giriş qapılarından biridir. XIX əsrin sonlarına kimi həm də “Şah Abbas qapıları” adlanan bu qapıları Bakı qalasının yeganə girişi olmuşdur. 1868-ci ildə Bakı şəhərinin hərbi qubernatoru Qafqaz Hərbi Dairəsinə şəhərin gözəlləşdirilməsi məqsədi ilə qala divarlarının sökülməsini təklif edir. İki il sonra daha alçaq olan bayır qala divarlarının sökülməsi qərarı verilir. 1896-cı ildə bu məsələ növbəti dəfə Şəhər Dumasının toplantısında qaldırılır və qala divarlarının ikinci yarusunun sökülməsi qərarı verilir, sökülən hissədə yerləşən “Zülfüqar xan qapısı” isə “Şamaxı qapısı”nın yanına köçürülür. Bundan sonra qapılar birlikdə “Qoşa qala qapıları” adlandırılmağa başlayır.
  3. Şirvanşahlar sarayı – Şirvanşahların orta əsrlərə aid saray kompleksi İçərişəhərin mərkəzində hündür təpə üzərində yerləşir. Sarayın əsası XII əsrdə qoyulmuş, inşaat işləri XV əsrdə tamamlanmışdır. Saray kompleksi üç müxtəlif təbəqədə yerləşən üç daxili həyətə bölünür. Şirvanşahların yaşayış binası, Şirvanşah Fərrux Fasarın türbəsi və Divanxana yuxarı həyətdə yerləşir. Aşağı həyətdə Şah məscidi və Şirvanşahların türbəsi yerləşir. Türbə Şirvanşah I Xəlilullahın sifarişi ilə anası və oğlu üçün inşa edilmişdir. Bir qədər aşağıda isə hamam və ovdan yerləşir. Hər üç həyət vahid kompleks təşkil etməklə qala divarları ilə əhatə olunub. Kompleksin XVI əsrə aid yeganə tikilisi “Murad darvazası”dır ki, onun kitabəsində də hicri 994-cü ildə (1585-1586) Sultan III Muradın sifarişi ilə inşa edildiyi göstərilib.
  4. Hacı Qayıb hamamı – XV əsrdə  memar Hacı Bani tərəfindən Hacı Qayıbın sifarişi ilə inşa edilmişdir. Hamam ticari-karvan yolu üzərində yerləşir. Hamam uzun müddət yerin altında qalmış və 1964-cü ildə arxeoloji qazıntılar zamanı aşkarlanmışdır.
  5. Şirvanşahlar sarayının Şah hamamı – XV əsrə aid hamam Şirvanşahlar saray kompleksinin tərkibində yerləşir. Saray kompleksin şərqi, aşağı həyətində yerləşir. Bu hamam da əksər Abşeron hamamları kimi yerin dərinliyində inşa edilib. Yerin üstündə yalnız hamamın qübbələri yerləşirdi. Hazırda hamam geniş arxeoloji kompleks kimi sərgilənir.
  6. Ağa Mikayıl hamamı – XVIII əsrdə Bakı qalasının cənub-qərbində, Kiçik Qala küçəsində, Şamaxı sakini Ağa Mikayılın sifarişi ilə inşa edilmişdir. Sadə əhalinin məskunlaşdığı və hamamın inşa edildiyi ərazi xalq arasında “Hamamçılar məhləsi” kimi tanınırdı. Qalanın girişi Kiçik Qala küçəsindəndir. Hamamın soyunma və yuyunma otaqları kvadrat formaya malikdir. Hamamın memarlıq kompozisiyası neştərli tağlar və qübbələr vasitəsiylə yaruslara bölünmüşdür.
  7. Qasım bəy hamamı XVII əsrdə Salyan darvazası yaxınlığında inşa edilmişdir. Xalq arasında bu hamam “Şirin hamam” kimi tanınan bu hamamın bu cür adlandırılmasının səbəbi ziyarətçilərə burada çayla şirniyyat verilməsidir. Hamam vestibül, soyunma, yuyunma və hovuz otaqlarından ibarətdir. Restavrasiya işlərindən sonra 1970-ci ildə bu hamamda “Yaşıl aptek” fəaliyyətə başlamışdır.
  8. Xan karvansarayı XII əsrdə inşa edilmişdir. Kvadrat formalı planda qurulmuş karvansara daxildən kücləri kəsik dördbucaqlı və eyvanlarla əhatə olunmuş həyətə malikdir. Karvansaranın şimal və cənub girişləri portal formasına malikdir. Orta əsrlərdə karvansaranın əsas girişi dəniz tərəfdən olmuşdur. Cənub tərəfdən karvansaranın iki mərtəbəli fasadı müdafiə qurğularını xatırladır. Orta əsrlərdə karvansaranın Ticarət küçəsi tərəfində həyətlə birbaşa əlaqəsi olmayan dükanlar yerləşmiş, əvvəllər isə orada mədrəsə olmuşdur.
  9. Multanı karvansarayı Qız qalası yaqınlığında, Qüllə küçəsində, Buxara karvansarası ilə üzbəüz yerləşən XV əsrə aid karvansaradır. Karvansara Pakistanın Multan şəhərindən gələn atəşpərəstlərin yerləşməsi üçün inşa edilmişdir. Kvadrat formalı daxili həyətə malik olan karvansara daha qədim tikililərlə əhatə olunmuşdur. Həyətin perimetrlərində arxasında hücrələr yerləşən kiçik eyvanlar vardır.
  10. Buxara karvansarayı Qız qalası yaqınlığında, Qüllə küçəsində, Multanı karvansarası ilə üzbəüz yerləşən XV əsrə aid karvansaradır. Kvadrat formalı plana və səkkizguşəli həyəti olan karvansara qabarıq portala malikdir. Karvansara həyəti eyvanlar və hecrələrlə əhatələnmişdir. 1964-cü ildə aparılmış restavrasiya işləri binanı ətrafdaı bütün əlavələrdən azad etmişdir.
  11. Qasım bəy karvansarayı XVII əsrdə inşa edilmiş, bakı sakini Qasım bəy və onun varislərinə məxsus olmuşdur. Kvadrat formalı plana malik olan karvansaray eyni ox üzərində yerləşən iki açıq girişə malikdir. Sahil tərəfdən dəniz ticarətiylə əlaqədar olaraq, girişlərin bu istiqamətlənməsi planlaşdırılmışdır. Binanın daxili quruluşu səkkizguşəli formaya malikdir. Həyət arxasında hecrələr yerləşən eyvanlarla əhatə olunub.
  12. Saray məscidi Şirvanşahlar saray kompleksinin tərkibində yerləşən saray XV əsrdə inşa edilib və planda düzbucaqlı formaya malikdir. Məscid minarəsinin gövdəsindəki kitabədə abidənin hicri 845-ci ildə (1441/1442-ci illərdə) inşa edildiyi göstərilir.
  13. Məhəmməd məscidi əyri minarəsinə görə həm də Sınıqqala məscidi kimi tanınır. Məscid 1078-ci ildə ustad Məhəmməd ibn Əbu Bəkr tərəfindən inşa edilmişdir. 1723-cü ildə 15 gəmidən ibarət olan və admiral Matyuşkinin rəhbərlik etdiyi rus eskadrası dənizdən Bakı sahillərinə yaxınlaşaraq şəhərin təslim edilməsini tələb edir. Bakı xanının təslim olmaqdan imtina etməsindən sonra ruslar şəhərin bombalanmasına başlayırlar. Mərmilərdən biri Məhəmməd məscidinin minarəsinə tuş gəlir və onu zədələyərək əyilməsinə səbəb olur. Bundan sonra məscid həm də Sınıqqala adıyla tanınır.
  14. Həzrəti Əli məscidi XVII əsrin əvvəllərində inşa edilmişdir və qədim ticari-karvan yolunun üzərində yerləşir. Planda kvadrat formaya malik olan məscid mərkəzi gümbəzə malikdir. Məscid sonradan axund olmuş seyid Yəhya Murtuzanın vəsaiti hesabına inşa edilmişdir. Ölümündən sonra o, məscidin həyətində dəfn edilmişdir. Hazırda onun məzarı məscidin girişində yerləşir.
  15. Baba Kuhi Bakuvi məscidi IX əsrdə inşa edilmişdir. Bu məscidin qalıqları 1990-1993-cü illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı arxeoloq F. İbrahimov tərəfindən Qız qalası yaxınlığında aşkarlanmışdır. 1998-ci ildə aparılmış qısa arxeoloji qazıntılar zamanı isə məscidin iki otağı tarpaq örtüyündən təmizlənmişdir. Məscidin minbərində kufi xətti ilə yazılmış və efiqrafist M. Nemətova tərəfindən oxunmuş kitabdə yazılır: “Hakimiyyət Allaha məxsusdur.” Arxeoloq F. İbrahimov hesab edir ki, məscid məşhur din və elm xadimi Baba Kuhi Bakuviyə məxsus olmuşdur.
  16. Şeyx İbrahim məscidi 1415-ci ildə inşa edilib və İçərişəhərin cənub tərəfində, Salyan darvazasına aparan ticarət yolu üzərində yerləşir. Məscidin fasadında yerləşən kitabə onun Hacı Əmirşah Yaqub oğlunun sifarişi ilə inşa edildiyini göstərir. Digər kitabədə isə məscidin Ağa Qafar Hacı Murad oğlu tərəfindən bərpa etdirildiyi göstərilir. Kitabədə bildirilir ki, məscid hicri 818-ci ildə (1415) Sultan Şeyx İbrahimin hakimiyyəti dövründə inşa edilib. Ona görə də xalq arasında məscid Şeyx İbrahim məscidi kimi tanınır. Düzbucaqlı formaya malik olan məscid daş örtüklə üzlənmişdir. XIX əsrdə məscidin fasadı üç çərcivəyə bölünmüş və üç pəncərə əlavə edilmişdir.
  17. Bəylər məscidi 1895-ci ildə inşa edilmişdir və Şirvanşahlar sarayından şərqdə yerləşir. Məscidin interyeri vestibül, ibadət zalı və dekorativ minbərdən ibarətdir. Bəylər məscidi daha qədim məscidin özülləri üzərində inşa edilmişdir. Məscidin memarlığında Avropa, Şərq və yerli memarlıq elementləri birləşdirilmişdir.
  18. Hacı Bani məscidi Şirvanşahlar sarayından şimalda yerləşir. Məscidin fasadında yerləşdirilmiş kiçik kitabədə verilən məlumata görə, abidə XVI əsrdə memar Hacı Bani tərəfindən inşa olunmuşdur. Məscidin mərkəzində gümbəz yerləşir. Girişin qarşısında stalaktit yaruslu geniş altar vardır. Digər kitabədən bilinir ki, məscid hicri 1320-ci ildə (1902) restavrasiya edilib, vestibül və qadınlar üçün xüsusi hissə əlavə olunub.
  19. İçərişəhər Cümə məscidi XII əsrdən fəaliyyət göstərir. Məscid qədim atəşgahın özülləri üzərində inşa edilmişdir. Məscid kitabəsində verilən məlumata görə, abidə “709-cu ilin (1309) rəcəb ayında Əmir Şərəfəddin Mahmudun əmri ilə inşa edilmişdir.” XV əsrdə məscidin şimal divarı yaxınlığında stalaktitlərlə dəstəklənən eyvanlı minarə inşa edilmişdir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Hacı Şıxəli Dadaşovun vəsaiti ilə qədim məscidin yerində yeni məscid inşa olunmuş, lakin minarəyə toxunulmamışdır. Məscidin gümbəzi dörd sütun üzərində dayanır.
  20. Aşur (Ləzgi) məscidi 1169-cu ildə memar Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmişdir. Məscid Asəf Zeynallı küçəsində yerləşir. Məscid adını XIX əsrdə Bakıda neft bumunun baş verməsindən sonra Bakıya hər yerdən, o cümlədən Dağıstandan çoxsaylı işçi qüvvəsindən gəlməsindən sonra almışdır. Dini ibadətlərin keçirilməsi üçün həmin zaman məscid fəhlə dağıstanlıların (el arasında ləzgi adlanırdılar) xidmətinə verilmişdi. Quruluşuna görə məscid paralellepiped formasına malikdir. Sonradan məscidin cənub fasadında iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq fasadında yerləşən neştər formalı giriş bir kameralı ibadət otağına aparır. 1970-ci ildə restavrasiya işləri zamanı məscid ərazisində kiçik arxeoloji tədqiqat aparılmış və cənub hissədə Sasanilər dövrünə aid iki yarımdairəvi tağ aşkarlanmışdır.
  21. Mədrəsə məscid 1646-cı ild inşa edilmiş və eyni zamanda həm mədrəsə həm də məscid kimi fəaliyyət göstərmişdir. Asəf Zeynallı küçəsinin restavrasiyası zamanı mədrəsə hücrəsi yolun digər tərəfində qalmışdır.
  22. Gileyli (Giləkli) məscidi İçərişəhərin yuxarısında yerləşməklə iki gümbəzə malikdir. Məscid iki mərhələdə inşa edilmişdir: 1309-cu ildə Şirvanşahların hakimiyyəti dövründə və 1805-ci ildə Səlim xanın nəvəsi Hacı Şəmsəddin bəyin sifarişi ilə köhnə məscidin özülləri əsasında. Məscid Gilandan gələn tacirlərin (ipək tacirləri) məskunlaşdığı məhəllədə yerləşdiyi üçün Giləkli (sonralar xalq ağzında tələffüzü Gileyli şəklinə çevrilmişdir) adlandırılmışdır.
  23. Çin məscidi Şirvanşahlar sarayının cənub-qərbində yerləşir. Məscidin fasadında, giriş qapısı üzərində yerləşdirilmiş kitabədə, onun hicri 777-ci ildə (1375) İmam Osman Şirvaninin mirası əsasında inşa edildiyi göstərilmişdir.
  24. Hacı Heybət məscidi içərişəhərin şimal hissəsində, yaşayış binalarının arasında yerləşir. Məscid 1791-ci ildə me mar Hacı Heybət Əmirəli oğlu tərəfindən inşa edilmişdir. Planda dördbucaqlı olan məscid vestibül və nişli ibadət zalından ibarətdir. İbadət zalının bir küncündə memarın və onun həyat yoldaşının məzarı yerləşir.
  25. Molla Əhməd məscidi İçəri şəhərdə yerləşən məhəllə məscidlərindən biridir. Məscid Nəsrəddin Güntaspın sifarişi ilə memar Mahmud ibn Səd tərəfindən XIV əsrdə inşa edilmişdir.  Məhz həmin memar tərəfindən Nardaran qalası (1301-ci il) və Bibiheybət məscidi (XIII əsrin sonları) inşa edilmişdir. Məscidin axundu Molla Əhməd olduğundan məscid xalq arasında onun adı ilə adlandırılmışdır. Planda məscid dördbucaqlı formaya malikdir. Fasadın yuxarı hissəsində lent formalı kitabədə onun memarı haqqında məlumat verilir.
  26. Mirzə Əhməd məscidi İçərişəhərdə yerləşən məhəllə məscidlərindən biridir. Məscid 1345-ci ildə Hacı Mirzə Əhməd tərəfindən inşa edilmişdir. Planda dördbucaqlı formaya malik olan məscid kvadrat formalı vestibül və nişli, gümbəzli və tağlı ibadət otağından ibarətdir. Giriş qapısı üzərindəki ktabədə məscidin memarının adı və Qurandan surə yazılmışdır.
  27. Xıdır məscidi 1301-ci ildə dəniz səviyyəsindən xeyli hündür ərazidə inşa edilmişdir ki, bu da məscidin memarlıq quruluşuna təsir göstərmişdir. 1988-ci ildə məscidin sərdabə xüsusiyyəti daşıyan aşağı hissəsində arxeoloji tədqiqatlar, portalında isə restavrasiya işləri aparılmışdır. Tədqiqatlar nəticəsində məscidin qədim atəşgahın özülləri üzərində inşa edildiyi bəlli olmuşdur.
  28. Bazar meydanı 1964-cü ildə arxeoloji tədqiqatlar zamanı Qız qalasından şimalda aşkarlanmış kollonadalı tikilidir. Arxeoloji qazıntılar zamanı burada 52 məzar aşkar edilmişdir ki, onların da bir neçəsində iki dəfə dəfn həyata keçirilmişdir. Tikilinin qədim politeist məbədi olması haqqında da fikirlər vardır. Hazırda burada açıq səma altına muzey fəaliyyət göstərir.

About Author

client-photo-1
admin

Comments

Bir cavab yazın