İçərişəhər – Şəhər içində şəhər.
"Qala" və ya "Qədim şəhər" tarixi məhəllə. Bakının ən qədim hissəsi.

İstər səyyah, istərsə də şəhərimizin hər hansı qonağı paytaxtımızda hökm sürən əbədi bayram ab-havasına asanlıqla qatılır. Bunu səxavətli günəşimiz, arxitekturamızın qədim və müasir çalarları, ən əsasi isə ürəklərimizin genişliyi mümkün edir. Lakin bu əsl nağılın prelüdiyasıdır… Müasir Azərbaycanın ürəyi və beşiyi İçərişəhərdir. Şəhər içində şəhər. Nağıllarda olduğu kimi, o, Xəzər dənizinin sahilində sanki arxayıncasına mürgüləyir. Günü-gündən böyüyən şəhər isə sanki bu qədim adacıqı bağrına basır. Qədim şəhərə Qoşa Qala Qapısı kimi tanınan Şamaxı darvazasından daxil olmaq məsləhətdir. Burada ilk addımlardan insan sanki sehrli bir aləmə düşür. Təbii!! Ərazini əhatə edən hündürlüyü 10 m, eni isə 3,5 m çatan, müxtəlif əsrlərin daşlarından ibarət Qala divarı. Bu daşlar nələr görməyib! Neçə-neçə sirləri özlərində saxlayır? Şamaxı darvazasından qədim şəhərə qədəm qoyarkən Siz geniş bir Meydana daxil olursunuz. Bir dəqiqə öncə Siz ora-bura şütüyən avtomobillər, şüşələri ilə gözqamaşdıran müasir binalar, sürətli liftlər əhatəsində idiniz… İndi isə sanki orta əsrə düşmüsüz. Əsla! Burada hər şey fərqlidir. Sanki zaman dayanıb. Fərqli səslər, fərqli ab-hava. Sanki elə bu dəqiqə qədim karvansaraydan yüklə dolu dəvələr çıxacaq.

Qoşa Qala qapısından düz, dənizə tərəf getdikdə Siz İçərişəhərin incisi, Bakının simvolu Qız Qalasını görəcəksiniz. Qeyri-adi görünüşə malik qalanın sirləri tədqiqatçıları heyrətləndirməkdə davam edir. Qalanın tarixi əfsanələrlə zəngindir. Bu günədək onun nə vaxt və hansı məqsədlə inşa edildiyi dəqiq bilinmir. Bizim gözlə gördüyümüz Xİİ-ci əsrə aid müdafiə istehkamıdır.Gözə görünməyən isə qalanın bünövrəsidir. Аbidənin quruluşunа əsаslаnаrаq onun tаriхini tədqiq edənlər Qalanın аtəşpərəstlik məbədi оlduğunu söyləyirlər. Digər ehtimala əsasən, qaladan vaxtıilə mayak və yaxud rəsədxana kimi istifadə edilib. Bu gün isə burada müzey fəaliyyət göstərir. Şamaxı darvazasından Qala divarı boyunca getdikdə Siz mütləq Şirvanşahlar Sarayına gəlib çıxacaqsınız. 1192-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra I Axsitan Şirvanşahların pаytахtını Bаkıyа köçürüb. Burada tikilən möhtəşəm saray bü günədək İçərişəhərə gözəllik və əzəmət verir. Kompleksə daxil divanxana, türbələr, məscidlər unikal memarlıq üslubu və nəfis naxışları ilə fərqlənirlər. İçərişəhərə Xəzər dənizi tərəfdən daxil olduqda Siz dərhal Məhəmməd məscidini görürsünüz. Məscidi həm də Sınıqqala adlandırırlar. XI-cu əsrdə inşa edilən Məhəmməd məscidi İçərişəhərin İslam dövrünə aid ən qədim abidəsidir. Qeyd edək ki, Qız Qalası, Şirvanşahlar Sarayı və Məhəmməd məscidi YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına daxildir.

Qədim şəhərdə qəzişərkən, şübhəsiz ki, şıltaqcasına bükülən-qatlanan dar küçələr, iri eyvanlar və qonaqlara istirahətə çağıran kiçik səliqəli parklar Sizi valeh edəcək. İçərişəhərdə Siz Azərbaycan mətbəxinin ənənəvi xörəklərini dadaraq qiymət verə bilərsiniz. Burada, addımbaşı müxtəlif milli üslublu kafe və restoranlara rast gəlmək mümkündür. Elə buradaca Siz canlı olaraq milli musiqinin ifasından zövq ala bilərsiniz. Sizi rəngarəngliyi ilə seçilən muzey və ekspozisiyalar gözləyir. Çoxsaylı rəsm qalereyaları Sizi Azərbaycan rəssamlarının özünəməxsus, ölkənin parlaq təbiətinə bənzər yaradıcılığı ilə tanış edəcək. Qala küçələrinin labirintləri ilə dolaşarkən Siz milli suvenirlər, yerli sənətkarların ərsəyə gətirdikləri məhsulları əldə edə bilərsiniz. Qəribədir, lakin bu uzaq keçmişin ortasında müasir Bakının sakinləri yaşayır. Gündəlik qayğıları ilə məşğul olan insanlar hər gün ayaqlarının altındakı qədim daşlara ayaq basır, bu qədim gözəlliyi sezirlər, və bu onların həyatına xüsusi rəng qatır. Qədim şəhər öz dar küçələri ilə heyran edir, burada qonşular evlərini tərk etmədən salamlaşa bilirlər. Bu tam fərqli həyat tərzidir. Məhz burada Qurban Səidin qəhrəmanı Əli öz uşaqlığını keçirib. Onun evinin təsviri buradakı bir çox evlərə uyğun gəlir – qalın daş divarlar, hündür tavanlar, iri, tağlı pəncərələr, hündürlüyü 3 m olan qapılar, üzüm meynələrinə bürünmüş divarlar, yastı damlar, hansılardan kı oturub çay içə-içə İçərişəhərə baxıb həzz almaq olar…

2005-ci ildə Azərbaycan Respublikasının Prezidentİ İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılıb. Nəticədə qeyri-adi, 1 300 ailə üçün yaşayış məkanı olan tarixi-memarlıq abidəsinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün unikal idarəetmə sistemi təşkil olunub.

İçərişəhərə, Bakının və Azərbaycanın canlı tarixinə xoş gəlmişsiniz!

Comments

Bir cavab yazın