Nizami türbəsi (Wikipedia)
Nizami məqbərəsi - Gəncə, Azərbaycan

Nizami məqbərəsi — dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Tikili 20 m hündürlüyündə silindrik formada mərmər bina və ətrafındakı park ilə yeniləşmişdir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir.

Nizaminin köhnə türbəsini tədqiq etmiş və iki fotosunu yayımlamış akademik V. Bartold, bu mövzuya həsr edilmiş məqaləsində qeyd edir ki,

“Fars ədəbiyyatında Nizaminin Gəncədə dəfn edilməsi haqqında yalnız ümumi məlumatlar verilir; türbənin xarici görünüşünün necə olması, kim tərəfindən inşa edilməsi və sair bu kimi məlumatlarla qarşılaşmamışam. Mən yalnız aşağıdakı əsərlərdə Nizaminin türbəsinin xatırlandığını bilirəm.
1.“Tarixi aləm-arayi-Abbasi” əsərinin müəllifi olan İskəndər Münşi deyir ki, 1606-cı ili fevralında Gəncəyə yaxınlaşan Şah Abbas Nizaminin türbəsi yaxınlığında düşərgə salır; burdaca şənbə günü, zülqədər ayınn 15-i, 1014-cü ildə (25 mart 1606) Novruz bayramı qeyd edilir. (əsərin Tehran nəşri, səhifə 498)
2.Özünün Avropaya birinci səfərindən sonra Şah Nəsrəddin yol üstündə Gəncə yaxınlığında bişmiş kərpicdən tikilmiş, lakin bərbad vəziyyətdə olan Nizaminin türbəsiinin görür. (Bombey nəşri, 1876)”

Abbasqulu ağa Bakıxanov da özünün “Gülüstani-İrəm” əsərində Nizaminin məzarı haqqında məlumat verir: Onun gözəl bəzədilmiş türbəsi indi Gəncə şəhəri yaxınlığında yerləşir. Qarabağlı Mirzə Adıgözəl bəy, rus ordusunun kapitanı, indi onun yenilənməsi ilə məşğuldur. Bu türbənin yaxınlığında 1826-cı ildə məşhur Yelizavetpol döyüşü baş vermişdir.

Gürcüstan Dövlət İncəsənət Muzeyində Nizami türbəsinin 1903-1905-ci illərdə çəkilmiş akvael rəsmi saxlanılır. Rəsm Hüseyn xan Rzazadə tərəfindən naturadan çəkilmişdir. Rəsmə əsasən demək olar ki, türbə xaricdən günbəzlə tamamlanmış kub formasında olmuşdur. Binanın şimal hissəsində sadə lentlə əhatələnmiş oxvari tağlı giriş qapısı olmuşdur.

1922-ci ildə şairin məzarı açılmış, qalıqları yeni tabuta yığılaraq dəfn edilməsi üçün Gəncə şəhərinə gətirilmişdir.Lakin, sonradan Bakıdan gələn göstərişə əsasən tabut geri qaytarılmış və əvvəlki yerində dəfn edilmişdir.

Bundan sonra Nizaminin türbəsinin bərpa edilməsi və ya yeni türbənin inşası üçün abidənin tədqiq edilməsi məqsədi ilə 1925-ci ildə əraziyə ekspedisiya qrupu göndərilmişdir. Ekspediyaya Azərbaycan Arxeologiya Komitəsinin üzvləri daxil idi. Komissiya üzvləri türbənin yanız şimal divarının qaldığını, şairin sənduqə formalı məzarının isə cənub divarının dibində yerləşdiyini qeyd etmişlər.

1932-ci ildə Nizaminin məzarı üzərində müvəqqəti xatirə daşı qoyulur. Həmin dövrdə artıq türbənin şimal divarı da uçmuş, yalnız təməl və 4-5 sıra hündürlüyündə kərpic hörgü saxlanmışdır. 1940-cı ildə Nizaminin məzarı üzərində məqbərə inşa ediləcəyi nəzərə alınaraq, arxeoloji qazıntı işlərinə başlanılır. Proses zamanı V. Bartoldun qeyd etdiyi kərpic türbənin şimal və qərb divarlarının qalıqları üzə çıxarılır. Şimal divarında giriş yerinin olması müəyyən edilir. Çaydaşından hörülmüş təməl üzərində ucaldılmış türbə divarlarının inşası zamanı kvadrat formalı (Qədim Gəncə yaşayış yerindəki bir çox tikililərin inşasında da bu cür kərpiclərdən istifadə edilmişdir) bişmiş körpiclərdən istifadə edilmişdir.

Torpaq qatının təmizlənməsi nəticəsində müəyyən edilmişdir ki, türbənin qərb divarının çaydaşından hörülmüş təməli, daha qədim dövrə malik, çaydaşı təməl və kərpic hörgülü divar qalıqlarının üstündə inşa edilmişdir. Tədqiqatçılar belə qərara gəlmişlər ki, həmin qalıqlar ilkin türbənin izləridir. Lakin, ilkin türbənin dağılmasından sonra onun divarlarının qalıqları üzərində orta əsrlərdə ikinci türbə binası inşa edilmiş və məhz həmin türbənin qalıqları XX əsrin ortalarına kimi çatmışdır.

Nizaminin qədim türbəsi 7m90sm x 12m80sm ölçülərə malik olmaqla, əsas divarları şimal və cənuba yönəlmişdir. Təməlin qalınlığı 1 m 72 sm-ə bərabər olmuşdur. Bu qalınlıq onu göstərir ki, köhnə türbə binası hündürlüyü və orijinal memarlıq forması ilə seçilmişdir. Qazıntılar zamanı mavi, yaşıl və tünd qəhvəyi rəngli şirli kərpic qalıqlar əldə edilmişdir. Mavi kaşıların bir neçə tonda olduğu diqqət çəkmişdir. Şirli kərpiclərin bəzilərinin günbəz hörgüzü üçün nəzərdə tutulmuş əyri formalara malik olması, türbənin rəngli kaşılarla işlənmiş günbəzə malik olduğunu sübut etmişdir.

Türbənin ətrafında aparılmış qazıntılar nəticəsində ərazidə müxtəlif dövrlərdə dəfnlər həyata keçirilsidiyi, Nizami türbəsinin isə qədim nekropolun mərkəzində yerləşdiyi müəyyən edilmişdir.